çərşənbə 22 iyul 2026 - 23:03
Gənc nəsli hicaba necə təşviq etmək olar?

Hövzə / Qadınlara məxsus Elmi hövzənin müəllimi: Dəyərlərin mahiyyətində güzəşt yoxdur, amma hicab və iffətin təbliğində müasir və yaradıcı üsullardan istifadə edilməlidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Kaşan şəhərinin Kövsər Qadın Elmi hövzəsinin mədəniyyət üzrə müavini xanım Baqiri bildirib ki, iffət anlayışı gənc nəsil üçün yalnız qadağalar və göstərişlər səviyyəsindən çıxaraq kimlik və şüurlu seçim səviyyəsinə yüksəldiyi zaman mənalı olur. Onun sözlərinə görə, gənclərə yalnız nələrin qadağan edildiyini demək kifayət deyil, əksinə, iffətin insana qazandırdığı psixoloji rahatlıq, özünəinam, münasibətlərdə sağlam sərhədlər və müasir sürətli həyat şəraitində insan ləyaqətini qorumaq bacarığı izah edilməlidir.

O qeyd edib ki, hicab və iffət yalnız zahiri və ya məcburi bir məsələ deyil, insanın ləyaqəti, cəmiyyətin mənəvi təhlükəsizliyi və dini kimliyi ilə bağlı olan mədəni və mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsidir. Buna görə də bugünkü gənclərə iffət məhdudiyyət dili ilə deyil, məna dili ilə təqdim olunmalıdır. Bu yanaşma göstərməlidir ki, iffət insanın öz həqiqi mənliyini qorumaq üçün etdiyi şüurlu seçimdir.

Kövsər Qadın Elmi Hövzəsinin mədəniyyət üzrə müavini bildirib ki, bu məqsədə yalnız iffətli qadın və kişilərin uğurlu və hörmətli nümunələrinin təqdim olunması, iffətin şüurlu həyat tərzi kimi tanıdılması, qınaq əvəzinə dialoq və inandırma metodlarından istifadə olunması, həmçinin hicab və iffətin sevinc, inkişaf, təhsil və ictimai fəallıqla uyğun olduğunu göstərməklə nail olmaq mümkündür.

O vurğulayıb ki, «həya ilə gözəllik» anlayışını yenidən təqdim edərkən sərt qarşıdurmalardan çəkinmək lazımdır. Dini baxışa görə gözəllik yalnız zahiri görünüşlə məhdudlaşmır, əksinə, vüqar, ahəng, zəriflik, səliqə və şəxsiyyətin vəhdətidir. Bu anlayış gənclərə düzgün izah olunarsa, həya gözəlliyə maneə deyil, onun dərinliyini artıran amil kimi qəbul ediləcək.

Xanım Baqiri əlavə edib ki, həya gözəlliyi inkar etmir, əksinə onu zahiri nümayişdən çıxarıb vüqar və təmkin səviyyəsinə yüksəldir. Həya ilə müşayiət olunan gözəllik yalnız baxımlı deyil, həm də hörmət doğuran və qalıcı gözəllikdir. Onun fikrincə, bu məna incəsənət, moda, dizayn, media və müsbət hekayələr vasitəsilə mübahisəsiz şəkildə cəmiyyətə çatdırıla bilər.

Kövsər Qadın Elmi hövzəsinin mədəniyyət üzrə müavini bildirib ki, gözəllik yalnız nümayiş vasitəsi kimi təqdim edilmədikdə, həya «zərif və sənətkarcasına özünüifadə tərzi» kimi qəbul olunur. Belə bir yanaşma həm təmkinli, həm də cəlbedici bir iştirak forması yaradır və qarşıdurmadan uzaq, inandırıcı təsir bağışlayır.

O xatırladıb ki, hicab və iffət məhdudiyyət deyil, qadını cəmiyyətdə əmtəələşdirilməkdən qoruyan müdafiə sipəridir. Bu həyat tərzi baxışların idarə olunmasına, psixoloji rahatlığa və sosial təhlükəsizliyə xidmət edir. Gözəlliyi nümayiş vasitəsindən vüqar təzahürünə çevirərək insanın istedadlarını inkişaf etdirməsinə, ailə dəyərlərini qorumasına və cəmiyyətdə hörmətli, təsirli mövqe tutmasına şərait yaradır. Nəticədə həya qadının cəmiyyətdə iştirakına maneə deyil, onun izzətli, ağıllı və güclü iştirakının təminatıdır.

Xanım Baqiri qeyd edib ki, bu iki mühüm anlayış arasında həqiqi tarazlıq yalnız «həqiqət» ilə «dəyişiklik» qarşı-qarşıya qoyulmadıqda formalaşır. Onun sözlərinə görə, bütün ictimai dəyişikliklər təhlükə deyil, əksinə, bəziləri dəyişməz dəyərlərin yeni vasitə və ifadə formalarıdır. Əsas məsələ dini mədəniyyətin hansı hissəsinin dəyişməz kimlik elementi, hansının isə zamanın tələblərinə uyğun yeni formalarda təqdim oluna bilməsidir.

O bildirib ki, bu çərçivədə hicab və iffət kimlik yaradan əsas dəyər kimi qorunmalıdır, lakin onun izahı, tədrisi, təbliği və cəlbedici təqdimatı dövrün ehtiyaclarına uyğun şəkildə yenilənə bilər.

Mədəniyyət üzrə müavin vurğulayıb ki, dəyərlərin mahiyyətində güzəşt yoxdur, lakin onların təqdimat üsulu, dili və formalarında yaradıcılıq və müasir yanaşma mümkündür. Bu tarazlığın yaradılması üçün üç əsas prinsipə əməl edilməlidir. Birinci prinsip yeni nəslin xüsusiyyətlərini və həyat tərzini düzgün tanımaq, İslam həyat tərzini Qərb həyat tərzi ilə müqayisədə düzgün təqdim edərək dini-mədəni dəyərlərin qorunmasına nail olmaqdır.

Xanım Baqiri ikinci prinsipi məcburiyyət əvəzinə inandırma metodundan istifadə etmək kimi dəyərləndirib. Üçüncü prinsip isə dindarlığın müsbət şəkildə təqdim edilməsidir. Yəni göstərilməlidir ki, dini həyat müasir həyatla ziddiyyət təşkil etmir, əksinə, ona məna, nizam və vüqar bəxş edir.

Xəbərin sonu

Rəyiniz

You are replying to: .
captcha